Piti - qədim Azərbaycan yeməyidir. Pitini zəngin Şəki mətbəxinin şahı adlandırmaq olar. Bu yemək mütləq və mütləq dopu adlanan saxsı qablarda bişirilməlidir. Əks halda Siz piti deyil  bozbaş bişirmiş olacaqsınız. Pitinin ənənəvi reseptində kartof yoxdur. Yeməyin tərkibində qoyun əti, soğan, noxud şabalıd, istəyə görə albuxara olur. Pitinin hazırlanmasında quyruqdan istifadə edilir. Əsl piti xüsusi sobalarda bişirilir, amma onu ev şəraitində də hazırlamaq olar, əsas odur ki, dopunuz olsun. Adətən pitini ailə sayına görə, hərəyə bir ədəd dopu hesabı ilə bişirirlər, əgər dopu iridirsə onu iki yerə də bölmək olar. Piti azı 4-5 saat bişir. Kiçik odda bir neçə saat bişən ət,noxud və şabalıd yup-yumuşaq olur, quyruğun üzəri qızarır, bulyon isə ətirlərlə dolur - bütün bunlar Pitinin təkrarolunmaz dadına səbəb olur. Pitin xüsusi yemək qaydası da var, bu haqda aşağıda məlumat verilib.  A-zcook.com ev şəraitində hazırlanan pitinin reseptini təqdim edir.

Ərzaqlar

Qoyun əti

600 q

Quyruq

500 q

Noxud

1 stəkan

Soğan

1 baş

Su

1 litr

Şabalıd

24 ədəd

Albuxara

4-8 Ədəd

Duz

1 ç.q

Sumax

2 ç.q

Zəfəran

5 q

0

Piti

1. Noxud pitini hazırlamamışdan bir gün əvvəl isladın. 

2.Piti üçün qoyun əti istifadə olunur, qabırğa və ya yumşaq hissəsi. İri sümüklü hissələr bu yeməkdə yaramır. Əvvəlcə dopunun dibinə 20-40 çəkidə doğranılmış əti qoyun və üzərinə su tökün. Bəzi reseptlərə görə ətə noxud və soğanla birgə  su tpküb qaynamağa qoyurlar, amma xırda doğranılmış soğan ətin kəfini yığmağa narahatçılıq törətdikdən soğanı kəfi götürdüyünüzdən sonra əlavə etmək məslət görülür. 

3. Pitini qaz üçün xüsusi yumru dəmirin üzərində bişirin. Bu dəmirdən adətə çay dəmləmək üçün istifadə olunur. Dopuda olan əti orta dərəcədə qaynama həddinə çatdırın və üzərinə çıxan kəfi yığın. Kəfin tam yığıldığına əmin olandan sonra xırda doğranılmış soğanı və noxudu əlavə edin. Quyruğu dopun ağzı boyda və ya bir az iri formada doğrayın və dopunun ağzına qapaq kimi yerləşdirin, diqqət edin ki, quyruğun kənarları saxsı qabın içində olsun. Kiçik odda 2-3 saat qaynatmağa davam edin. 

4. Şabalıdın üzərində bıçaqla dəliklər açın və 5 dəq ərzində qaynadın. Bundan sonra şabalıdın qabığı asanlıqla çıxacaq. Şabalıdları bərabər saya bölüb dopulara yerləşdirin. Pitiyə albuxara qatmaq istəyənlər bunu sona 1 saat qalmış edə bilərlər. Kəf yığılan andan piti kiçik odda 4-5 saat bişməlidir.

5. Zəfəranı dəmləyin bunun üçün kiçik stəkanda ədviyyatın üzərinə qaynar su töküb ağzını bağlayın və isti yerdə saxlayın. Xörək qaşığı ilə zəfəran dəmini dopulara tökün.

6. Hazır pitini isti-isti bişdiyi qabda süfrəyə verin. Pitinin xüsusi yemək qaydası var. İlk növbədə dopuda olan bulyonu astaca dərin qaba tökürük, ət və noxudu ayrı qaba qoyuruq. Zövqə görə həm bulyonun həm də ətin üzərinə sumax tökmək olar. Beləcə piti həm sulu həm də əsas yemək kimi yeyilir. 

Məsləhət: bulyonu yediyiniz zaman ət soyumasın deyə onu dopuda saxlamaq lazımdır. 

Nüş olsun